İQTİSADİYYAT
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
Daşkənd, 21 sentyabr, AZƏRTAC
Daşkənddə "Mərkəzi Asiya beynəlxalq nəqliyyat dəhlizləri sistemində: strateji perspektivlər və reallaşmamış imkanlar" adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 37 ölkənin, həmçinin 25 beynəlxalq təşkilatın 400-ə yaxın nümayəndəsi iştirak edib.
Azərbaycanı bu konfransda “ABADA” Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının rəhbəri Tofiq Nurullayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə rəisi Azər Əliyev və digər şəxslər təmsil ediblər.
Özbəkistanın Baş naziri Abdulla Aripov dövlət başçısı Şavkat Mirziyoyevin konfrans iştirakçılarına müraciətini oxuyub. O bildirib ki, Daşkənd Mərkəzi Asiyada nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı vahid strategiya və nəqliyyat-kommunikasiya üzrə regional şura yaradılmasını təklif edir.
Asiya İnkişaf Bankının vitse-prezidenti Ventsay Janq deyib ki, Mərkəzi və Qərbi Asiyanın 11 ölkəsindən 8-nin dənizə çıxışı yoxdur. Bu da regionda nəqliyyat-kommunikasiya xətlərinin tez bir zamanda inkişaf etdirilməsini tələb edir. Bu konfrans göstərir ki, regionda nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir.
Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında avtomobil, dəniz və hava nəqliyyatında informasiya texnologiyalarının, rəqəmsal xidmətlərin tətbiqi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Region ölkələrində nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, daşımalarda yeni investisiya layihələrinin tətbiqi, multimodal daşımalar, çoxtərəfli və uzunmüddətli əməkdaşlıq üçün şərait yaradılması və bu istiqamətdə bir sıra digər məsələlər müzakirə edilib.
Konfransın sonunda yekun bəyannamə və bir sıra protokollar imzalanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbir
Daşkənd