CƏMİYYƏT
Daşkənddə keçirilən Beynəlxalq Hüquq Forumu başa çatıb
Daşkənd, 26 aprel, AZƏRTAC
Özbəkistanın Ədliyyə Nazirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və BMT-nin İnkişaf Proqramının Özbəkistandakı nümayəndəliyinin təşkilatçılığı ilə Daşkənddə keçirilən “Tashkent Law Spring” birinci Beynəlxalq Hüquq Forumu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Forumda 40 ölkədən mindən çox nümayəndə, o cümlədən bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Azərbaycanı bu tədbirdə ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov ölkəsində reallaşdırılan hüquq islahatları və qanunun aliliyinin təmin olunması istiqamətində görülən işlər haqqında məlumat verib.
Amerika-Özbəkistan Ticarət Palatasının sədri Kerolin Lemm bildirib ki, Özbəkistanda hüquq sahəsində aparılan islahatlar dünya birliyi tərəfindən bəyənilir.
Forumda “Beynəlxalq arbitraj və məhkəmə təhqiqatı”, “İntellektual sahibkarlıq və hüquqi təhlil”, “Keyfiyyətli idarəetmə”, “Sərmayə: müasir çağırışlar və imkanlar”, “Dövlət planlaşdırılması və iqtisadi islahatlar”, “Rəqəmsal iqtisadiyyat”, “Fəal investisiya siyasəti”, “Qanunun aliliyinin təmin olunması”, “Özbəkistanın məhkəmə-hüquq sistemində islahatlar” və digər mövzularda müzakirələr aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd