SİYASƏT


Daşkənddə keçirilən etiraz aksiyasında Ermənistanın Gəncəyə və digər şəhərlərimizə raket hücumları pislənilib

Daşkənd, 20 oktyabr, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) qarşısında - Heydər Əliyev küçəsində Ermənistanın işğalçılıq siyasəti, Gəncə və digər şəhərlərimizin raket atəşinə tutulması ilə əlaqədar etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyaya Daşkənddə yaşayan soydaşlarımız, paytaxtdakı digər mədəniyyət mərkəzlərinin üzvləri, qardaş özbək xalqının nümayəndələri, azərbaycanlı gənclər qatılıb.

Aksiya iştirakçıları Gəncə şəhərində mülki əhaliyə qarşı raket hücumu zamanı həlak olan və yaralanan uşaqların şəkillərindən ibarət fotoguşəyə baxıb, önünə gül-çiçək və müxtəlif uşaq oyuncaqları qoyublar.

İştirakçılar əllərində Azərbaycan və özbək dillərində “Erməni işğalına son!”, “Gəncədə dinc sakinlərin qətlə yetirilməsini pisləyirik!”, “Gəncədə uşaqların ölümünü qınayırıq!” plakatları tutublar.

AMM-in direktoru Samir Abbasov bildirib ki, oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan elan olunan atəşkəs rejimini kobud şəkildə pozub və Gəncə şəhərini ballistik raket atəşinə tutub. Cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə üçüncü dəhşətli raket hücumu ciddi dağıntılara və dinc əhalinin itkisinə səbəb olub. Son məlumata görə, bu hücum nəticəsində 15 nəfər həyatını itirib, 50-dən çox insan müxtəlif dərəcədə xəsarətlər alıb.

O deyib ki, işğalçı dövlət bu və digər qanlı cinayətlər törətməklə 1949-cu il Cenevrə Konvensiyasının, 1954-cü il Haaqa Konvensiyasının şərtlərini və beynəlxalq hüququn normalarını kobud şəkıldə pozub, buna görə də məsuliyyət daşıyır.

S.Abbasov vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunur, Cəbrayıl və Füzuli şəhərlərində, 50-dən çox kənd və qəsəbədə, bir sıra strateji yüksəkliklərdə Azərbaycan bayrağı dalğalanır.

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) sədri Firdovsi Hüseynov çıxış edərək deyib ki, terrorçu dövlət olan Ermənistan təkcə Gəncəni yox, həmçinin Mingəçevir şəhərini, Bərdə, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy rayonlarını raket atəşinə tutub. Nəticədə dinc insanlar həlak olub, onların arasında uşaqlar və qadınlar da var. Belə terror aktları demək olar ki, hər gün təkrar olunur və dünya dövlətləri hələ də Ermənistana “dur” demir. Əminəm ki, gec-tez terrorçu Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayət məsuliyyətinə cəlb ediləcək.

Azərbaycan diasporunun üzvü İsmayıl Məmmədov çıxışında qeyd edib ki, tarix təkrar olunur, zaman-zaman ermənilər Azərbaycan torpaqlarında soyqırımı törədib, 100 il bundan əvvəl də, indi də... Xocalı faciəsini törədən erməni millətçiləri öz adlarını tarixə yazıblar. İnşallah, yaxın günlərdə torpaqlarımız erməni işğalından azad olunar və düşmən öz layiqli cəzasını alar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.