CÜMHURİYYƏT - 100
Daşkənddə keçirilən festivalda Azərbaycan tərəfi iştirakını Cümhuriyyətimizin 100 illiyinə həsr edib
Daşkənd, 23 may, АZƏRTAC
Daşkənddəki Türküstan sarayında uşaq və internat evlərinin sakinləri üçün “Özbəkistan ümumi evimizdir” adlı xeyriyyə festivalı keçirilib.
Özbəkistan Həmkarlar İttifaqının da dəstək verdiyi tədbirin builki təşkilatçısı paytaxtdakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) olub.
Tədbirdə Daşkənd şəhərində yerləşən 15-ə yaxın uşaq evinin minə yaxın fiziki qüsurlu və kimsəsiz uşağı iştirak edib.
Əvvəlcə Daşkənd şəhər hakimiyyətinin nümayəndəsi Səyyara Xocayeva qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin arasından istedadların üzə çıxarılmasının, onların gələcəyə inamının artırılmasının, gələcək fəaliyyətlərinin stimullaşdırılmasının vacib olduğunu qeyd edib, əsl dost dəstəyi göstərən Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, Özbəkistan dövləti tərəfindən uşaq evlərinin xüsusi qayğı ilə əhatə olunduğunu vurğulayıb.
AMM-in direktoru Samir Abbasov Özbəkistan-Azərbaycan dostluğundan danışıb, müstəqil dövlətlərimizin gələcək nəsillər üçün böyük imkanlar açdığını söyləyib. O, bu günlərdə Azərbaycanda və dünyada xalqımızın öz istiqlalına qovuşmasının yüz illik yubileyinin geniş qeyd olunduğunu və rəhbərlik etdiyi mərkəzin də festivalda iştirakını məhz Cümhuriyyətin 100 illiyinə həsr etdiyini bildirib. Gələcək nəsillər olan uşaq və yeniyetmələrə uğurlar arzulayan S.Abbasov müstəqilliyimizin və dostluğumuzun möhkəmlənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
Təqdim olunan konsert proqramında Daşkənddəki internat və uşaq evlərinin eşitmə qabiliyyəti zəif, fiziki qüsurlu uşaqları öz istedadlarını nümayiş etdiriblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” və “Kiçik fidanlar” rəqs qrupları Azərbaycan milli rəqslərini ifa ediblər. Çıxışlar uşaqların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və internet məktəbinə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.
Bədii hissədən sonra uşaqlara və yeniyetmələrə ziyafət verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd