SİYASƏT


Daşkənddə keçirilən konfransda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıqdan danışılıb

Daşkənd, 20 fevral, АZƏRTAC

Daşkənddə keçirilən “Mərkəzi Asiyada qarşılıqlı əlaqə: çağırışlar və yeni imkanlar” adlı beynəlxalq konfrans başa çatıb. Tədbirdə dünyanın 36 ölkəsindən, 9 beynəlxalq və regional təşkilatdan 130-dan çox ekspert, dövlət strukturlarının nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov, “Baku Network” Ekspert Şurasının direktoru Elxan Ələsgərov, Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının müəllimi Zaur Məmmədov, “Sputnik” Multimedia Mətbuat Mərkəzinin direktoru İlqar Vəlizadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin böyük müşaviri Tofiq Abbasov iştirak ediblər.

Konfransda Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, region dövlətləri arasında qarşılıqlı əlaqə, iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, ekoloji, energetika, mədəniyyət, humanitar, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Elxan Ələsgərov və İlqar Vəlizadə “Ticarət-iqtisadi və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlıq” bölməsindəki çıxışlarında Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi, mədəniyyət, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafından danışıblar. Onlar Azərbaycanın neft strategiyası və nəqliyyat dəhlizləri haqqında da məlumat veriblər. Qeyd edilib ki, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təntənəli açılış mərasimi olub. Bu tədbirdə Mərkəzi Asiya ölkələrindən də rəsmi nümayəndələr iştirak ediblər. Bu tarixi layihə Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Mərkəzi Asiya ölkələrini əhatə edir. Bu ölkələr Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə öz məhsullarını dünya bazarlarına çıxarmaq imkanı əldə edirlər.

Zaur Məmmədov konfransın “Turizm və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri” bölməsindəki çıxışında Mərkəzi Asiya ölkələri arasında bu sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələlərinə toxunub.

İki gün ərzində konfransda çıxış edən Azərbaycan nümayəndələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs ediblər. Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı dörd qətnamə qəbul edib. Buna baxmayaraq, Ermənistan bu nüfuzlu təşkilatın qərarlarına hələ də məhəl qoymur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.