MƏDƏNİYYƏT
Daşkənddə özbək dili ilə bağlı keçirilən konfransda Azərbaycan da iştirak edib
Daşkənd, 30 oktyabr, AZƏRTAC
Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində “Özbək dilinin inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanla yanaşı, Azərbaycan, Amerika Birləşmiş Ştatları, İngiltərə, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan alimlər iştirak edib.
Ölkəmizi bu konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov təmsil edib.
Konfransı universitetin rektoru, professor Şuxrat Siracəddinov açaraq bildirib ki, bu il özbək dilinə dövlət statusu verilməsinin 30-cu ili tamam olur. Rektor deyib ki, özbək dilinə laqeyd olmayan vətənpərvər ziyalıların səyi nəticəsində 1989-cu il oktyabrın 21-də özbək dilini dövlət dili elan edən qərar qəbul olunub. Ş.Siracəddinov vurğulayıb ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ay keçirilən iclasda oktyabrın 21-ni “Özbək dili bayramı” elan edib.
Özbəkistanın Ali və Orta Təhsil naziri İnamjon Majidov, respublika Elmlər Akademiyasının Özbək dili, ədəbiyyat və folklor institutunun direktoru Nizamiddin Maxmudov, Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun dosenti Darya Jiqulskaya və başqaları türk dilləri ailəsində özbək dilinin rolu və əhəmiyyəti haqqında məlumat veriblər. Vurğulanıb ki, dünyada özbək dilində danışan insanların sayı 50 milyondan çoxdur.
Oksford Universitetinin professoru Tomas Velsford özbək dilində çıxış edib, oktyabrın 21-nin “Özbək dili bayramı” elan olunmasını alqışlayıb.
AMM-nin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistan xalqları arasında tarixən mövcud olan dostluq əlaqələrindən danışıb. S.Abbasov universitetlə Mədəniyyət Mərkəzinin əməkdaşlığını qeyd edərək, bu ali məktəbin dəstəyi ilə yaxın günlərdə “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca” lüğətin işıq üzü görməsini diqqətə çatdırıb.
Bölmələr üzrə keçirilən iclasda Almaz Ülvi Binnətovanın “Türk ədəbi dil məktəbinin elmi- nəzəri əsasları: Mühakimət ül-lüğəteyn (İki dilin müqayisəsi) əsəri” mövzusundakı çıxışı maraqla qarşılanıb.
Məruzədə deyilir ki, türk dilinin fars dili ilə müqayisəli təhlilindən bəhs edən, türk dünyasının ədəbi dil tarixi, dil nəzəriyyəsi mütəxəssisləri üçün klassik tədqiqat nümunəsi olan “Mühakimət ül-lüğəteyn” əsəri bu gün də gərəkli və dəyərli elmi mənbədir. Türkiyə və Özbəkistan alimlərinin tədqiqatlarına görə, “Mühakimət ül-lüğəteyn” əsərinin cəmi dörd əlyazma nüsxəsi dövrümüzə qədər gəlib çatıb. Əlyazmanın ikisi Türkiyədə, biri Parisdə, biri də Budapeşt kitabxanalarında saxlanılır. “Mühakimət ül-lüğəteyn” risaləsi dünyanın bir çox ölkələrində dəfələrlə nəşr edilib, tədqiqat mövzusu olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd