SİYASƏT


Daşkənddə ulu öndər Heydər Əliyevin anım günü münasibətilə xeyriyyə festivalı və fotosərgi təşkil olunub

Daşkənd, 12 dekabr, АZƏRTAC

Daşkənddə ulu öndər Heydər Əliyevin anın gününə həsr olunmuş xeyriyyə festivalı keçirilib, "Heydər Əliyev və Özbəkistan" adlı fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları anım günü münasibətilə Ümummilli Liderin Mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar.

Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin fəaliyyəti, Ümummilli Liderin xalqımız qarşısındakı xidmətlərinə həsr edilmiş kitab sərgisi, həmçinin "Heydər Əliyev və Özbəkistan" adlı fotosərgi təşkil olunub.

Daşkənddəki "Türküstan" sarayında fiziki qüsurlu və kimsəsiz uşaqlar üçün təşkil olunan xeyriyyə festivalında çıxış edən Daşkənd Vilayəti Həmkarlar İttifaqının sədri Murodcan Nasırov "Mexricon" Hamilər Şurasının Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə birgə keçirdiyi tədbiri yüksək qiymətləndirib və xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim diqqətlə saxlamağın vacibliyini vurğulayıb. O, Özbəkistan dövləti tərəfindən uşaq siyasətinin yürüdüldüyünü, gələcək nəsillərin xoşbəxt həyatı üçün çoxsaylı işlərin görüldüyünü və layihələrin həyata keçirildiyini söyləyib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin uşaqlara daim qayğı ilə yanaşdığını vurğulayıb. S.Abbasov böyük siyasi xadim Heydər Əliyevdən sitat gətirərək deyib : "Uşaqlar bizim gələcəyimizdir. Biz onları necə tərbiyə edəcəyik, necə öyrədəcəyiksə, bu cür gələcək də bizi gözləyir".

Mərkəzin direktoru Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun hər il uşaqlar üçün böyük layihələr həyata keçirdiyini qeyd edib.

Daha sonra istedadlı uşaqlar şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər. Fiziki qüsurlu uşaqların tədbir münasibətilə hazırladıqları çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Festival çərçivəsində Daşkənddəki "Turon" restoranında uşaq və yeniyetmələr üçün süfrə açılıb, onlar Azərbaycan mətbəxinin şahı olan plova və şirniyyatlara qonaq ediliblər.

Sonda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 15 uşaq evinə hədiyyələr təqdim olunub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.