SİYASƏT
Daşkənddə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib
Daşkənd, 13 may, AZƏRTAC
Daşkənddəki Azərbaycan Milli Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı mərasim keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.
Mərkəzin sədri Firdovsi Hüseynov Ulu Öndərin həyat və fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, xaricdəki diasporun təşkilatlanması, Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ideyası məhz ulu öndər Heydər Əliyevə məxsusdur.
Özbəkistan Nazirlər Kabineti nəzdindəki millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri komitəsinin sədri Rustam Kurbanov Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O deyib ki, Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün bu səmimi dostluq münasibətləri Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın və Özbəkistanın Xalq Artisti, Nəvai adına Özbəkistan Opera və Balet Teatrının baş rejissoru Firudin Səfərov Heydər Əliyevlə Bakıda və Daşkənddə görüşlərini xatırladaraq deyib ki, Ulu Öndər mədəniyyətin dərin bilicisi idi və mədəniyyət xadimlərinə yüksək qiymət verirdi.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Mobil Məmmədov, pedaqoji elmlər doktoru Almaz Məcidova, qardaş özbək xalqının nümayəndəsi Xaitbəy Djappakov ulu öndər Heydər Əliyevi dünya şöhrətli siyasətçi və dövlət xadimi kimi xarakterizə ediblər.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib, şagirdlər onun haqqında şeirlər söyləyiblər. Özbəkistanın Sırdərya vilayətində yaşayan Əli Nəsirli də Heydər Əliyevə həsr etdiyi şeirini oxuyub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd