SİYASƏT
Daşkənddəki Azərbaycan mədəniyyət mərkəzləri Fransa Milli Assambleyasınınn qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi biabırçı qanununu pisləyirlər
Daşkənd, 29 dekabr (AZƏRTAC). Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və şəhər mədəniyyət mərkəzi fəallarının birgə iclasında Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi biabırçı qanununu pisləmişlər.
Respublika AMM-in sədri Mobil Məmmədov bildirmişdir ki, Fransa Milli Assambleyasında qondarma “erməni soyqırımı” ilə bağlı ədalətsiz qanunun qəbulu böyük siyasi səhvdir və Türkiyə ilə Fransa arasında onsuz da qeyri-sabit olan vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Onun sözlərinə görə, yaxın aylarda Fransada prezident seçkiləri keçiriləcək və məhz belə bir vaxtda ortaya atılan “erməni soyqırımı” məsələsi Nikola Sarkozi və onun partiyası üçün çox “əlverişli”dir. Belə ki, Fransa Prezidenti hökumət strukturlarında və “böyük biznes”də geniş təmsil olunmuş çoxminli erməni diasporunun səsini almaq üçün bu cür addımları atır ki, bu da nə ona, nə də qanunu qəbul edən Fransa parlamentinə başucalığı gətirə bilməz.
AMM-in icraçı katibi Firdovsi Hüseynov qeyd etmişdir ki, bir vaxtlar Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti Robert Koçaryana təklif etmişdi ki, həm Ermənistanda, həm də Türkiyədə arxivlər açılsın və tarixçi alimlər, ekspertlər, ümumiyyətlə bütün maraqlı tərəflər həqiqəti üzə çıxarsınlar. Həqiqət isə “erməni soyqırımı”nın olmadığını ortaya qoyacağından erməni tərəfi arxivləri açmadı.
Soydaşlarımızdan Kamil Kərimov, Akif Əliyev, İlham Abdullayev, Fatma Piriyeva, Nuranə Həsənova və başqaları bu qanunun qəbul olunmasını pisləmiş, türklərin əsil soyqırımına məruz qaldıqlarını vurğulamışlar.
Deyilmişdir ki, bu qanunun qəbulu ilə əlaqədar bəyanat Fransanın Özbəkistandakı səfirliyinə təqdim edilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd