CƏMİYYƏT


Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub

Daşkənd, 10 noyabr, АZƏRTAC

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Dövlət Bayrağı Gününə həsr olunmuş “Sən yaşa, Azərbaycan!” adlı tədbir keçirilib.

“Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində keçirilən tədbirdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin, Nəqliyyat Kollecinin müəllim və tələbələri, yerli azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə iştirakçılar Mədəniyyət Mərkəzinin foyesində “Sən yaşa, Azərbaycan!” adlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olub, bu qurumun nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun tələbələri Azərbaycan milli geyimlərini, həmçinin Qarabağ zadəganlarının bəy geyimlərini də nümayiş etdiriblər. Mədəniyyət Mərkəzinin konfrans salonunda Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müstəqilliyimizin simvolu olan üçrəngli bayrağımız haqqında danışıb, Mədəniyyət Mərkəzinin “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Sonra, o, iki xalq arasında elm, ədəbiyyat sahələrində fərqlənən Azərbaycan və özbək alimlərinə fəxri diplomlar təqdim edib.

Özbəkistanda səfərdə olan Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva

dövlət rəmzimiz, istiqlalımızın simvolu olan bayrağımızın tarixi, onun keçdiyi yol barədə danışıb. O, ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağımızın bərpa edilməsinin müstəqilliyimizə ən böyük töhfə olduğunu vurğulayıb.

Tədbirin sonunda Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanan “Azərbaycan, Qarabağ, Sülh və Qələbə üçün oxu” klipi nümayiş etdirilib. Klipdə Özbəkistanın bir sıra musiqi qrupları, ifaçıları, rəqs ansamblları iştirak ediblər.

Vətənpərvərlik, Vətən həsrəti hisslərindən, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında mədəni irsimizin dağıdılmasından bəhs edən, habelə Azərbaycan-Özbəkistan dostluğunu təbliğ edən klip tamaşaçıların alqışları ilə qarşılanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.