MƏDƏNİYYƏT


Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib

Daşkənd, 23 mart, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Novruz bayramı münasibətilə bayram şənliyi keçirib.

AZƏRTAC xəbər verir ki, bayram tədbirində Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Novruz bayramının tarixi haqqında məlumat verib. Diplomat bildirib ki, 2010-cu ildə Azərbaycan, Albaniya, Türkiyə, Əfqanıstan, Hindistan, İran, Makedoniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın təşəbbüsü ilə BMT Baş Məclisi yekdilliklə martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.

Səfir deyib ki, Novruz bayramı ta qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov qeyd edib ki, Novruz Özbəkistanda da yüksək səviyyədə qeyd olunur. Bildirilib ki, Novruz bayramının beş min il yaşı var. Böyük şair və mütəfəkkirlər Nizami Gəncəvi, İbn Sina, Rudəki, Sədi, Hafiz və başqaları Novruzun İslamdan xeyli əvvəl yarandığını əsərlərində qeyd ediblər.

Sonra Azərbaycandan xüsusi olaraq dəvət olunmuş Əməkdar artist, ötən il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, “Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə tarda solo, Əməkdar artist Mətanət İsgəndərli xalq mahnılarını və təsniflərimizi, “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvlərin isə milli rəqslərimizi ifa ediblər.

Mərasimdə tonqal qalanıb. Bayram süfrəsi arxasında keçirilən şənlik bir neçə saat davam edib.

Bayram şənliyi ilə əlaqədar tədbir iştirakçılarına Novruz şirniyyatları paylanılıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.