MƏDƏNİYYƏT


Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Səmərqənddə yaşamış azərbaycanlı heykəltəraşın əsərlərindən ibarət sərgi açılmışdır

Daşkənd, 23 oktyabr (AZƏRTAC). Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki təntənəli mərasimlər və sərgilər salonunda və Səmərqənddə yaşamış mərhum heykəltəraş Eynulla Əliyevin əsərlərindən ibarət sərginin açılış mərasimi olmuşdur.

Tədbirdə Özbəkistanın ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, tanınmış rəssamlar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov sərginin açılışındakı çıxışında bildirmişdir ki, sentyabrın sonunda Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı bu mədəniyyət mərkəzinin əsaslı təmir və bərpadan sonra açılışı olmuş, dövlətimizin başçısı işimizə yüksək qiymət vermişdir.

Səfir açılışdan sonra burada ilk tədbirin keçirildiyini diqqətə çatdırmış və bildirmişdir ki, bu mərkəz Azərbaycan və Özbəkistan xalqlarının dostluğunun məkanı kimi fəaliyyət göstərəcəkdir.

Özbəkistan Rəssamlıq Akademiyasının sədri Tursunəli Kuziyev bildirmişdir ki, bu gün belə bir gözəl məkanda əsərlərinin sərgisi açılan Eynulla Əliyev Bakı ətrafındakı Bilgəh kəndində doğulmasına baxmayaraq, bütün mənalı həyatını bizim ölkəmizə həsr etmiş, uzun müddət Özbəkistan Rəssamlar İttifaqının Səmərqənd şöbəsinin rəhbəri olmuşdur. Bu istedadlı heykəltəraş Özbəkistanın bir çox dövlət, elmi və ictimai təşkilatların binalarına, paytaxtdakı metropolitenin iki stansiyasına, Daşkənd, Səmərqənd, Buxara, Nukus şəhərlərində inşa olunan bir sıra binalara bədii tərtibat vermişdir. Eynulla Əliyev böyük özbək şairi Əlişir Nəvainin Daşkənddə ucaldılan möhtəşəm abidəsinin müəlliflərindən biridir.

Sonra Milli Sənət Mərkəzinin direktoru Elmira Əhmədova, Rəssamlıq Akademiyası sədrinin müavini Rövşən Mirtacıyev və başqaları çıxış edərək heykəltəraşın yaratdığı əsərlərin məziyyətlərindən danışmışlar.

Eynulla Əliyevin həyat yoldaşı Azadə Əliyeva sərginin keçirilməsinə göstərdiyi köməyə görə səfir Namiq Abbasova minnətdarlıq etmişdir.

Sonra mərasim iştirakçıları sərgi ilə tanış olmuşlar. Sərgidə nümayiş etdirilən “Qızılqum”, “Ayın tutulması”, “İbn Sina”, “İntizar”, “Həyatın gücü” və digər əsərlər tamaşaçılarda xoş ovqat yaratmışdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.