SİYASƏT


Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar mərasim keçirilmişdir

Daşkənd, 29 sentyabr (AZƏRTAC). Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar mərasim keçirilmişdir.

Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, türkdilli ölkələrin mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak etmişlər.

Əvvəlcə ölkəmizin Özbəkistandakı səfiri Namiq Abbasov, Azərbaycanın və Özbəkistanın Xalq Artisti Firudin Səfərov və diasporumuzun tanınmış üzvləri ulu öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoymuşlar.

Azərbaycanın dövlət himni səsləndikdən sonra Namiq Abbasov mərasim iştirakçılarını salamlamış, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və qısa müddət ərzində gördüyü tarixi işlər və süqutunun səbəbləri haqqında danışmışdır. Səfir demişdir ki, keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini bərpa etmiş, ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmışdır. Səfir demişdir ki, o vaxt Azərbaycanda cərəyan edən hadisələrdən hamının xəbəri vardır və məhz Heydər Əliyev dühası nəticəsində Azərbaycan real təhlükələrdən xilas edilmişdir.

Namiq Abbasov 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi"nin imzalanması, ümumiyyətlə Azərbaycanın neft strategiyası haqqında ətraflı məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söhbət açmışdır. Səfir qeyd etmişdir ki, müharibə nəticəsində Azərbaycan tərəfdən 20 min adam həlak olmuş, 50 min nəfər isə yaralanmışdır. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə əlaqədar dörd qətnamə qəbul etsə də, Ermənistan hələ də buna məhəl qoymur. Dünya dövlətləri isə susur.

Səfir demişdir: "Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirmişdir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır".

N.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar haqqında da ətraflı məlumat vermişdir.

Sonra Özbəkistanda tanınmış şair, soydaşımız İxtiyar Rza, həmçinin Kifayət Pirməmmədova çıxış etmiş, Azərbaycan haqqında şerlərini oxumuşlar.

Sonra söz musiqiyə verilmişdir. Daşkənddəki "Azəri qızları" uşaq rəqs ansamblının və Sırdərya vilayətindəki "Təbriz" ansamblının üzvləri bir-birindən gözəl mahnı və rəqslərimizi ifa etmişlər.

Mərasimdə özbək, uyğur, qazax, qırğız, tatar, başqırd mahnı və rəqsləri də ifa olunmuşdur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.