SİYASƏT
Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzi Müstəqillik Günü ilə bağlı tədbir keçirib
Daşkənd, 28 may, АZƏRTAC
Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzi (RAMMM) 28 May - Müstəqillik Günü ilə bağlı Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, paytaxtdakı digər mədəniyyət mərkəzlərinin rəhbərləri, jurnalistlər iştirak ediblər.
Foyedə Azərbaycanla bağlı kitablar, Qarabağın milli kişi və qadın geyimləri, suvenirlər nümayiş etdirilib.
Tədbiri RAMMM-ın sədri Firdovsi Hüseynov açaraq, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində ilk parlamentli respublika olduğunu diqqətə çatdırıb, qısa müddət ərzində görülən işlərdən danışıb. Deyib ki, 104 il əvvəl, 1918-ci il mayın 28-də Azərbaycanda müsəlman Şərqində ilk demokratik respublika yaranıb. 1918-ci il dekabrın 7-də müsəlman dünyasında ilk parlamentin açılışı olub və bunu o dövrdə Azərbaycan milli demokratik qüvvələrinin böyük qələbəsi hesab etmək olar.
Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustam Kurbanov bu münasibətlə salona toplaşanları və Azərbaycan xalqını təbrik edib.
Komitə sədri AXC-nin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirə onlayn formatda qatılıb. O, çıxışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanla münasibətlərə xüsusi önəm verməsi tarixi köklərə bağlıdır. Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlərin böyük tarixi var. 44 günlük Vətən müharibəsi dövründə də Özbəkistan Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Bizi ümumi dil, din, adət-ənənələrimiz və tariximiz birləşdirir. Ötən əsrin 30-cu illərində baş verən kütləvi repressiyalar zamanı 10 minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün azərbaycanlılar Özbəkistanın sosial, iqtisadi, ictimai və digər sahələrində uğurla çalışmaqdadırlar.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin tarixi və fəaliyyəti haqqında danışıb.
Sonra Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədovun rejissoru olduğu “Müstəqil Azərbaycanın salnaməsi” filmi göstərilib.
Tədbir geniş konsert proqramı ilə başa çatıb. Yusif Əliyev, Rəna Əzizova xalq mahnıları və muğamlarımızı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi ifa ediblər. Uşaqlar Azərbaycanla bağlı şerlər səsləndirib, onlara və ifaçılara diplomlar verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd