SİYASƏT
Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Senatın qəbul etdiyi ədalətsiz qərarla əlaqədar Fransanın Özbəkistandakı səfirliyinə məktub təqdim edilmişdir
Daşkənd, 27 yanvar (AZƏRTAC). Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədovun adından Fransa Senatının qəbul etdiyi ədalətsiz qərarla əlaqədar Fransanın Özbəkistandakı səfirliyinə məktub təqdim olunmuşdur.
Məktubda qeyd olunur ki, Özbəkistanda yaşayan azərbaycanlılar Fransa Senatının bədnam “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinə cəlb edilməsi kimi absurd qərarı pisləyir. Deputatlar və senatorlar bu bədnam sənədə imza atarkən böyük tarixi və siyasi səhvə yol vermişlər və bunun mənfi nəticələri ola bilər.
Məktubda deyilir: “Fransa siyasi elitası təxminən 100 il bundan əvvəl baş vermiş hadisələri, o cümlədən heç vaxt baş verməmiş bədnam “erməni soyqırımı” məsələsini qaldırarkən yaxın dövrdə ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı niyə yada salmırlar? Bir gecənin içində bütöv bir şəhərin yerlə-yeksan edilməsi, adamların milli mənsubiyyətinə görə məhv olunması, hətta qocalar, qadınlar, uşaqların qətlə yetirilməsi əsil soyqırımı deyilmi?
Fransa dövləti 1945-ci ildə 45 min əlcəzairlinin, 1994-cü ildə 800 min Ruanda vətəndaşının öldürülməsində məsuliyyət daşıdığını nə tez unutdu?”
Məktubda qeyd edilir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti Robert Koçaryana hər iki ölkədə arxivlərin açılmasını təklif etmişdi. Onlar bu təklifi qulaqardına vurdular, arxivlər isə açılmadı.
Məktub bu sözlərlə başa çatır: “Biz başa düşürük ki, qarşıdan prezident seçkiləri gəlir və bütün bu oyunlar ermənilərin səsini almaq istəyən Fransa Prezidentinin yenidən dövlət başçısı seçilməsinə hesablanmışdır. Məsələ burasındadır ki, bu istiqamətdə siyasi alverlə məşğul olmaq Fransa ilə Türkiyə arasında, həmçinin Qafqazda onsuz da sabit olmayan vəziyyəti daha da gərginləşdirə bilər”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd