SİYASƏT
Daşkənddəki diasporumuzun üzvləri “Xalqların milli mətbəxi və mədəniyyəti” festivalında iştirak ediblər
Daşkənd, 27 sentyabr, AZƏRTAC
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi Daşkənddə keçirilən “TASANNO-2019 - Xalqların milli mətbəxi və mədəniyyəti” festivalında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Özbəkistanın müstəqilliyinin 28-ci ildönümü ilə bağlı keçirilən tədbirdə paytaxtdakı milli mədəniyyət mərkəzləri öz xalqlarının mədəniyyəti, mətbəxi, milli dəyərlərini nümayiş etdiriblər.
Azərbaycan guşəsində milli yeməklərimiz və şirniyyatlarımız nümayiş etdirilib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının üzvləri, xanəndə Yusif Əliyev və saz ustası İlham Abdullayev milli rəqslərimizi, xalq və el havalarını ifa ediblər.
Sonda festivalda fəal iştirak edən Mədəniyyət Mərkəzinə, o cümlədən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynova diplomlar təqdim edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd