Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub VİDEO
AzerTAg.az
Bakı, 1 fevral, AZƏRTAC
Dövlət başçısının Sərəncamına əsasən Daşkəsən rayonunun uzunluğu 31 kilometr olan Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. Yol IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilib.
Tikinti layihəsinə uyğun olaraq, yolboyu torpaq işləri, yol yatağı və yol əsasının, eləcə də yolun 4,2 kilometrlik hissəsində dördbucaqlı su keçidinin inşası aparılıb. Həmin işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 suötürücü boru quraşdırılıb. “İnşaat Norma və Qaydaları”na əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunub.
Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb.




Xəbərin mətnində orfoqrafik səhv var