REGİONLAR


Daşkəsən rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

Daşkəsən, 23 avqust, Rauf Hacıyev, AZƏRTAC

Daşkəsən rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Daşkəsən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və dahi şəxsiyyətin ruhuna dərin ehtiramlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, Şuranın işlər idarəsinin müdiri Yaqub Mehdiyev və konfransa rayon üzrə seçilmiş nümayəndələr iştirak ediblər.

Konfransı açan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev konfransın gündəliyi barədə məlumat verib.

Cəmiyyətin bütün sahələrində həmişə ağsaqqal nüfuzuna, ağsaqqal tövsiyəsinə və sözünə ehtiyac olduğunu deyən Cavanşir Qocayev rayon ağsaqqallarının bütün sahələrdə hər zaman fəallıq göstərərək öz nüfuzlarından əhalinin mənafeyi naminə istifadə etdiklərini deyib.

Yaqub Mehdiyev Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun adından konfrans iştirakçılarını salamlayıb.

Gündəliyə uyğun olaraq Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədr müavini Saleh Qurbanov geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində Şuranın gördüyü işlər barədə ətraflı məlumat verib.

Daha sonra hesabat məruzəsi ətrafında rayon ağsaqqallarından Nüsrət Vəliyev, müəllim Adilə Məmmədova, Qarabağ müharibəsi əlili Ənvər Əliyev, Firudin Həsənov çıxış edib və rayon Ağsaqqallar Şurasının ərazilərdəki qurumları tərəfindən hesabat dövründə bir sıra dəyərli təşəbbüslərin qaldırıldığını, verilən təkliflərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını və bir çox problemli məsələlərin həllinə nail olunduğunu vurğuladılar.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov çıxışında qeyd edib ki, ağsaqqala olan hörmət və ehtiram Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənədir. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu bildirib.

Konfransda iştirakçılar tərəfindən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rayon Ağsaqqallar Şurasına fəxri üzv seçilməsi təklif olunub və həmin təklif yekdilliklə qəbul edilib.

Sonra rayon Ağsaqqallar Şurasının sədri və müavinləri, o cümlədən idarə heyətinin yeni tərkibi seçilib. Saleh Qurbanov Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri, Cavanşir Qocayev və Adilə Məmmədova sədr müavinləri seçiliblər.

Müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul edildikdən sonra konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.