REGİONLAR
Daşkəsən rayonunun 14 yaşayış məntəqəsini birləşdirən yeni yolun tikintisinə başlanılacaq
Daşkəsən 19 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Gələn il 3 min 300 nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən, Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunun tikintisinə başlanılacaq.
Bu barədə AZƏRTAC-a Daşkəsən Rayon İcra Hakimiyyətindən məlumat veriblər.
Ümumilikdə 25 kilometr uzunluğunda olacaq yolun çəkilişi ilə Daşkəsənin Gurbulaq, Əmirvar, Əmirvar-Əhmədli, Qazaxlı, Qabaqtəpə, Pirverdilər, Rəsullu, Güneykənd, Tapar, Gəlinqaya, Təzəkənd, Astaf, Dəvrallı kəndlərində və Alunitdağ qəsəbəsində yaşayan sakinlərin rayon mərkəzi ilə əlaqəsi asanlaşacaq.
Həmçinin Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunun istismara verilməsi rayonun bu kəndlərində turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.
Qeyd edək ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunun əhatə etdiyi 14 yaşayış məntəqəsinin hər biri özünün əlverişli təbii-coğrafi şəraiti, yaylaqları, sıx meşəlikləri, irili-xırdalı dağ çayları, gölləri, şəlalələri, səfalı havası və digər təbii amilləri ilə turizmin inkişafı üçün təkrarsız məkanlar hesab olunur.