REGİONLAR
Daşkəsəndə 2016-cı ilin birinci yarısı sosial layihələrin icrası ilə yadda qalıb
Daşkəsən, 22 iyul, AZƏRTAC
Daşkəsən rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, 2016-cı ilin birinci yarısında iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən xeyli artıb. Yeni yaradılan kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri aparılır. Quşçu həkim məntəqəsində, Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 evin tikintisinə başlanılıb. Eyni zamanda, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının inşası məqsədilə torpaq sahəsi ayrılıb və tezliklə tikintiyə başlanılacaq.
Əhəd Abıyev qeyd edib ki, hazırda rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatı, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər görülür. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 5 kənddə süni mayalama məntəqələri fəaliyyət göstərir.
Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.