REGİONLAR


Daşkəsəndə epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

Bakı, 15 yanvar, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Daşkəsən Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq rayon ərazisində saxlanılan heyvanlar və quşlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verib. Rayonun baytarlıq idarəsinin həkimləri bruselyozun müayinəsi üçün iribuynuzlu heyvanlardan qan alaraq qarayara xəstəliyinə qarşı peyvəndləmə aparır, eləcə də sahibi olan itlərdə quduzluğa qarşı vaksinasiya tədbirlərini həyata keçirirlər. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Aparılan tədbirlər çərçivəsində ilin əvvəlindən indiyə kimi Bayan kəndində yerləşən şəxsi təsərrüfatda 70 baş iribuynuzlu və 8 baş təkdırnaqlı heyvanda və ayrı-ayrı şəxsi təsərrüfatlarda 1238 başdan artıq iribuynuzlu heyvanda qarayara, 215 baş itdə isə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Eləcə də 709 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və 520 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.

Daşkəsən Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci ildə həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədilə 6000 baş iribuynuzlu və 2030 baş xırdabuynuzlu heyvandan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də ötən il 24463 baş iribuynuzlu, 105188 baş xırdabuynuzlu, 3959 baş cavan iribuynuzlu, 1918 baş təkdırnaqlı heyvanda qarayara və 3977 baş itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Həmçinin başa vurduğumuz il ərzində rayonda 15847 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunub.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə qarayara, bruselyoz və digər iti yoluxucu xəstəliklər barədə ətraflı məlumat verilərək, baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilmələri tövsiyə edilib. Təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə əlaqə saxlamalarının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.

Bundan sonra Daşkəsən rayonunda epizootik plana uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliklərinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq olunur.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.