REGİONLAR
Daşkəsəndə ictimai-iaşə obyektlərində maarifləndirici monitorinqlərə başlanılıb
Daşkəsən, 18 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” sərəncamına və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tapşırıqlarına əsasən qadağan olunan qaz cihazlarından istifadə hallarının qarşısının alınması məqsədilə rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində maarifləndirici monitorinqlərin aparılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı xüsusi işçi qrup yaradılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin kənd və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin, sahə müvəkkillərinin, Qaz İstismar Sahəsinin Texniki İstismar Xidmətinin, Daşkəsən “Elektrik” şəbəkəsinin, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələrindən ibarət yaradılmış qrup tərəfindən rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində maarifləndirici monitorinqlərin aparılmasına başlanılıb.
Əvvəlcə işçi qrup tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxış keçirilir, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılır, təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlərlə bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbət aparılır. Bildirilir ki, monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərin maarifləndirilməsidir.