REGİONLAR


Daşkəsəndə rayon iqtisadiyyatının inkişaf istiqamətləri müzakirə olunub

Daşkəsən, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Daşkəsən rayonunda bu ilin doqquz ayında kənd təsərrüfatı məhsullarının istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artaraq 22 milyon 412 min manat, nəqliyyat üzrə 4,9 faiz artaraq 2 milyon 309 min manat, ticarət və ictimai iaşə xidmətləri üzrə 7,4 faiz artaraq 17 milyon 519 min manat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Daşkəsən rayonunun 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, hesabat ilində Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi başa çatdırılıb, Daşkəsən şəhərində yeni otel və ictimai iaşə obyekti istifadəyə verilib, rayon məhkəməsinin inzibati binası əsaslı təmir olunub, Dövlət Notariat Kontoru və Rayon Qeydiyyat Şöbəsi yeni binaya köçürülüb. Güneykənd kəndində isə 56 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisinə başlanılıb. “Azərsu” ASC-nin rayonda yeni inzibati binasının tikilməsi məqsədilə torpaq sahəsi ayrılıb və tezliklə tikinti işlərinə start veriləcək.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında rayon mərkəzində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 evin, Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ, Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəzalı vəziyyətdə olan vətəndaşlar üçün 3 evin tikintisinə başlanılıb. Həmçinin Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsi ayrılıb.

Hesabat dövründə Yaponiya səfirliyinin qrantı hesabına “Yuxarı Daşkəsən qəsəbəsində içməli su təchizatının yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsi başa çatdırılıb.

Aqrar sahədə görülən işlərdən danışılarkən bildirilib ki, dövlətimizin başçısının bölgələrdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonda kartof toxumçuluğu üzrə 2, damazlıq mal-qara üzrə 1 təsərrüfat fəaliyyətə başlayıb. Hazırda toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.

Cari ilin keçən dövrü ərzində rayon ərazisində 1308,4 hektar sahədə kartof, 83 hektar sahədə kələm, 66,4 hektar sahədə lobya əkilib. Əkilmiş sahələrdən 13 min 87 ton kartof, 1445 ton kələm, 17,4 ton lobya toplanılıb.

Diqqətə çatdırılıb ki, 2017-ci ilin 9 ayı ərzində rayonun Qazaxyolçular kəndində 109, Qaraqollar kəndində 100 abonent təbii qazla təmin olunub. Xoşbulaq kəndinə isə təbii qaz xəttinin çəkilişi davam edir.

Sonra rayonun bir sıra idarə, təşkilat və müəssisələrinin rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər.

Yığıncağın sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.