REGİONLAR


Daşkəsəndə şəhid Orxan Cəfərliyə həsr olunmuş kitab təqdim edilib

Daşkəsən, 8 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Daşkəsən Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Həcər Hüseynovanın müəllifi olduğu daşkəsənli Vətən müharibəsi şəhidi gizir Cəfərli Orxan Etibar oğlunun həyat və döyüş yolundan bəhs edən “Şəhid gizir Orxan Cəfərli” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, kitabın müəllifi Həcər Hüseynova və layihənin rəhbəri, ehtiyatda olan polkovnik Elmar Hüseynov iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Vətən müharibəsindən və şəhid gizir Orxan Cəfərlinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Rayon icra hakimiyyəti başçısının müavini Namiq Süleymanov qeyd edib ki, Vətən müharibəsi torpaqlarımızın azad edilməsi ilə başa çatdıqdan sonra döyüşlərdə iştirak edən və şəhid olan həmvətənlərimizin tanıdılması, onlar haqqında məlumatların toplanması və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər Daşkəsən rayonunda da davam etdirilir. “Şəhid gizir Orxan Cəfərli” kitabının nəşri də bu baxımdan xüsusi önəm daşıyır.

Digər çıxış edənlər şəhid gizir Orxan Cəfərli ilə bağlı xatirələrini bölüşüb, onun döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqlardan danışıb, kitabın gələcək nəsillər üçün dəyərli vəsait olduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.