CƏMİYYƏT
Daşkəsəndə valideynlərini döyməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Daşkəsən rayonunun Tapan kəndində yaşayan İlyas Bağırovun və Tamara Bağırovanın küt və kəsici alətlərlə döyülərək baş və bədən nahiyələrindən çoxsaylı xəsarətlər alması barədə rayon polis şöbəsinə daxil olan məlumatla əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1-ci və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Firdovsi Bağırov həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub. F.Bağırov ifadəsində tutduğu əməldən peşman olduğunu bildirib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.