REGİONLAR


Daşkəsəndə yeni işə qəbul olunan müəllimlərlə görüş keçirilib

Daşkəsən, 6 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Oktyabrın 6-da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektoru Daşkəsən Rayon İcra Hakimiyyəti, YAP Daşkəsən rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi ilə birgə imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul olunan gənc müəllimlərlə görüş keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib.

Çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev gənc müəllimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilimizin inkişafı sahəsində Daşkəsəndə də çoxsaylı mühüm layihələrin həyata keçirildiyini bildirib.

Elmar Əliyev müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü işlərin uğurla aparıldığını, ucqar kənd yerləri üçün həvəsləndirmə tədbirlərinin tətbiq edildiyini, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son 10 ildə rayon üzrə vakant olan müəllim yerlərinin ixtisaslı kadrlarla təmin olunduğunu deyib. Vurğulanıb ki, gənclərin ucqar dağ kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyətə başlaması həmin kəndlərin məktəblərində yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir.

Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri Elmir Cəfərov çıxışında deyib ki, rayonda yeni təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, onların maddi-tədris bazasının zənginləşdirilməsi, gənc müəllimlərin işlə təmin edilməsi, tədris prosesi üçün hər cür şəraitin yaradılması Daşkəsəndə təhsilin səviyyəsinin artmasına geniş imkanlar açıb. Elmir Cəfərov ötən tədris ilində əldə edilən uğurları qeyd etməklə yanaşı, qarşıda duran vəzifələrə də toxunub.

Daşkəsən rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov gənc müəllimləri təbrik edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs edib.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə rayonun ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlərin sayı əhəmiyyətli dərəcədə artıb. Meydanəli Yolçiyev Daşkəsən təhsilinin ildən-ilə artan uğurlarına əmək fəaliyyətinə yenicə başlayan müəllimlərin də töhfə verəcəklərinə əmin olduğunu bildirib.

Tədbirdə gənc müəllimlər də çıxış edərək fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər.

Sonda bir qrup müəllimə təşəkkürnamələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.