REGİONLAR


Daşkəsənli arıçı: Qabaqtəpə arılarına Avropa və ABŞ-da böyük maraq var

Bakı, 11 oktyabr, AZƏRTAC

Bizim Qabaqtəpə arıları bütün dünyada məşhurdur. Qabaqtəpə arılarının xortumu uzun olur və çiçəklər arasında seçim etmədən şirəni bitkinin dərinliyindən götürür. May ayından başlayaraq arı ailələrini Daşkəsən və Gədəbəy rayonlarının ərazisində yerləşən Turşsu yaylağına aparırıq. Demək olar ki, onları kəndbəkənd gəzdiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri arıçılıqla 1975-ci ildən məşğul olan Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini, Bakıda keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı Gülşad Hüseynova söyləyib.

Arıçı xanım Qabaqtəpə arısının vətəninin Azərbaycan olduğunu deyib: “Qabaqtəpə arısı gün ərzində nektar ardınca uçuşa tez başlayır, ailəsinə də gec qayıdır. Digər arı cinsləri ilə müqayisədə daha çox bal toplayır. Havanın yağışlı, çiskinli vaxtında belə soyuqdan qorxmayaraq nektar dalınca uçur. Qabaqtəpə arılarının məhsuldarlığının əsas əlamətləri, üstünlükləri məhz onun fəal həyat tərzidir. Qabaqtəpə arılarına Avropa ölkələrində və ABŞ-da belə böyük maraq göstərilir. Bu arılar bizim milli sərvətimizdir. Qabaqtəpə arıları sancmağa meyilli deyil. Biz arıçılar üz toru taxmadan da arı ailəsi ilə işləyə bilirik. Bu arıların çoxalma qabiliyyəti çox intensivdir, həmçinin beçəvermədən asan qayıdır, yaz aylarında daha fəaldırlar. Eyni zamanda, Qabaqtəpə arıları sakit, zəhmətsevər, xəstəliyə dözümlü olur, buna görə də mütəxəssislər onu haqlı olaraq “qızıl arı” adlandırırlar”.

Gülşad xanım arıçılıqla dədə-babadan məşğul olduqlarını söyləyib: “Saf balın necə olduğuna da aydınlıq gətirmək istəyirəm. Əvvəla, yemləmə bal şəffaf olur, gözəl xarici görünüşü ilə seçilir. Bu əlamətlər keyfiyyət göstəricisi deyil. Təmiz balın zahiri görünüşü bir qədər bulanıq təəssürat yaratmalıdır. Saf, təmiz bal hökmən xarlamalıdır. Belə halda bəzən balı qaynadırlar ki, kristallar ərisin. Ancaq belə yanaşma səhvdir. Xarlamanı aradan götürmək üçün balı ancaq 40 dərəcəyədək temperaturda əritmək olar. Saf balın kəskin ətri, kəskin dadı olmaz. Bal damağı yox, udlağı bir qədər qıcıqlandırmalıdır”.

Arı məhsullarının çox xəstəliklərə şəfa verdiyini bildirən Gülşad Hüseynovanın sözlərinə görə, el arasında “bir dolu sağlam pətək, yüz yarımçıq pətəkdən yaxşıdır” deyərlər. Bal - sağalmaz dərdlərə şəfa verər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.