REGİONLAR


Daşları danışdıran sənətkar FOTO VİDEO

Xaçmaz, 2 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunun Alıcqışlaq kəndində yaşayan Ədalət Elmanı hamı daşları danışdıran sənətkar kimi tanıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 ildir daş üzərində oyma sənəti ilə məşğul olan Ədalət Elmanın müxtəlif mövzularda 500-dən çox əl işi var. Sənətkar daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. Ə.Elman Azərbaycanın bir çox siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin, eləcə də görkəmli şair və yazıçısının portretlərini daş üzərinə həkk edib.

1979-cu ildə dünyaya göz açan Ədalət Elman 9 illik orta təhsilini Alıcqışlaq kəndində başa vurub. Sonra rayondakı peşə liseyini bitirib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Ədalət daş üzərində oyma sənəti üzrə ölkəmizdə ən tanınmış rəssamlardandır.

10 yaşından bu sənətlə məşğul olmağa başlayan Ədalət Elman əl işləri üçün daşları Qudyalçay, Qusarçay, Ağçay, Vəlvələçay və Qaraçaydan toplayır. Daş üzərində təsviri yaratmaq üçün sənətkar 2-3 ay sərf edir. Portret janrında olan əsərlər daha çətin başa gəlir.

Hazırda sənətkar İçərişəhər təsvirləri, həmçinin ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın portretləri üzərində işləyir.

Ədalət Elmanın çay daşları üzərində yaratdığı müxtəlif janrlarda əsərləri ölkəmizdə, həmçinin beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib, mükafatlara layiq görülüb.

Sənətkara xüsusi sifarişlər verənlər də olur. Əl işinin qiyməti seçilən janrdan və ölçüsündən asılıdır. Belə bir sifariş vermək istəyənlər ən azı 300 manatından keçməlidir. Bu vaxta kimi satılan əl işləri arasında ən bahalısı min manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.