CƏMİYYƏT
“Dastana dönən şəhidlər” mövzusunda onlayn görüş keçirilib






Bakı, 6 dekabr, AZƏRTAC
"Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə dekabrın 6-da "Dastana dönən şəhidlər" mövzusunda onlayn görüş keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru Altun Süleymanov görüşdə çıxış edərək Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıb.
Görüşdə şəhidlərimizin ailə üzvləri – general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, Cavid Əliyevin anası Təranə Əliyeva və qardaşı Cavanşir Əliyev, İlqar Bürcəliyevin atası Vüqar Bürcəliyev və anası Elnarə Bürcəliyeva, qazimiz Elturan Abdullayev qəhrəman şəhidlərimizlə bağlı xatirələrini bölüşüblər.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sarsılmaz qələbə əzmi, yüksək peşəkarlığı və vətənpərvərliyi sayəsində torpaqlarımızı işğaldan azad etdiyini vurğulayan şahid ailələrinin üzvləri Vətən uğrunda həlak olan igid övladlarımızın və qazilərimizin qəhrəmanlıq nümunələrindən danışıblar. Xüsusi vurğulanıb ki, qəhrəman ordumuz düşmən üzərində şanlı qələbə qazanmaqla şəhidlərimizin qanını yerdə qoymadı. Doğma Vətən uğrunda son damla qanına qədər vuruşaraq şəhid olan qəhrəman övladlarımızın xatirəsi daim ürəklərdə yaşayacaq. Xalqımız məhz qəhrəman şəhidlərimiz və qazilərimizin sayəsində bu gün qələbə sevinci yaşayır.
Şuşa şəhəri uğrunda döyüşlərdə yaralanan Elturan Abdullayev müalicə prosesini başa vuraraq sağaldıqdan sonra Şuşanı görməyə gedəcəyini və döyüş yoldaşları ilə birlikdə Vətənə xidməti davam etdirəcəyini bildirib.
Tədbirə yekun vuran "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin sədri Miraqil Seyidzadə Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və uca tutulması, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərilməsinin əsl vətəndaşlıq borcu olduğunu vurğulayıb.