SİYASƏT
Dastanbek Cumabekov: Özbəkistanın TDƏŞ-in üzvü olmaq istəyini və Macarıstanın təşkilatda müşahidəçi statusu almasını dəstəkləyirəm
Bişkek, 16 oktyabr, AZƏRTAC
Qırğızıstan Joqorku Keneşinin (parlamentinin) sədri Dastanbek Cumabekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreev ilə görüşüb.
AZƏRTAC Joqorku Keneşin mətbuat xidmətinə istinadla xəbər verir ki, Dastanbek Cumabekov türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsində TDƏŞ-in rolunu yüksək qiymətləndirərək deyib ki, sentyabr ayında təşkilatın Qırğızıstanda keçirilən altıncı Sammiti türkdilli xalqların çoxəsrlik dostluğunun tarixində yeni səhifə açıb.
Joqorku Keneşin sədri Özbəkistanın TDƏŞ-in üzvü olmaq istəyini və Macarıstanın təşkilatda müşahidəçi statusu ilə iştirak etməsini dəstəkləyib. O qeyd edib ki, bu, qardaş xalqların birliyini və türkdilli dövlətlərin ümumi məqsədlərə doğru irəliləməsini bir daha sübut edir.
Bağdad Amreev TDƏŞ-in gələcək inkişafı ilə bağlı deyib ki, təşkilat üzv dövlətlərin ticari-iqtisadi əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirəcək, bu dövlətlərin nazirlikləri və idarələri arasında əməkdaşlığın güclənməsinə səy göstərəcək.
Görüşün sonunda D.Cumabekov qardaş xalqlar arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsi kimi məsul işdə B.Amreevə uğurlar arzulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek