CƏMİYYƏT
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi və YAP Nizami Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Nizami Rayon təşkilatı Gənclər Birliyinin və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva İctimai Birliyin daun sindromlu və serebral iflicli uşaqların bacarıq və iradələrinin nümayiş olunması üçün keçirdiyi tədbirlərdən, bunun onlarda pozitiv əhvali-ruhiyyə yaratmaq və cəmiyyətə inteqrasiya baxımından əhəmiyyətindən danışıb.
Rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Qənirə Paşayeva, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxış edərək daim diqqət və qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılmasının başlıca sosial vəzifə olduğunu söyləyərək bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs ediblər.
Sonra “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Şən mahnılar və oynaq musiqi nömrələrinin sədaları altında uşaqlar rəqs meydançasına dəvət ediliblər. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.