CƏMİYYƏT
“Davam” yaradıcı gənclərin iştirakı ilə Şuşaya həsr olunan festival keçirib
Bakı, 13 may, AZƏRTAC
“Davam” Gənclər Hərəkatı tərəfindən “Şuşa İli”nə həsr olunmuş “Şuşa Graffiti Fest” festivalı keçirilib.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Park Bulvar” Ticarət Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib. Festivalda “Davam” Gənclər Hərəkatının nümayəndələri, tanınmış bitboks və rep ustaları, “breakdance” və hip-hop üzrə rəqqaslar, qrafiti-rəssamlar, o cümlədən davamçı gənclər iştirak ediblər.
Festival zamanı yaradıcı gənclər ticarət mərkəzinin mənfi ikinci mərtəbəsinin divarlarına rəngarəng sprey rəngləyicilər vasitəsilə qrafiti üslubunda rəsmlər çəkərək “street art show” nümayiş etdiriblər. Onlar arasında “Şuşa 2022”, “Dəmir Yumruq”, “Şuşa 270”, “Xarıbülbül” rəsmləri festival iştirakçılarının xüsusi diqqət mərkəzində olub.
Sonra isə tanınmış bitboks və rep ustaları tərəfindən müxtəlif ifalar edilib, “breakdance” və hip-hop üzrə rəqs hərəkətləri nümayiş olunub.
Qeyd edək ki, rəsmləri əyani görmək istəyən hər bir şəxs ticarət mərkəzinə üz tuta bilər.