ELM VƏ TƏHSİL
“Davamlı inkişafın sosial-iqtisadi problemləri” beynəlxalq elmi konfrans başa çatıb
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən Sosial İqtisadi İnkişaf Təşkilatı (Economic Social Development – ESD) ilə birgə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfrans fevralın 15-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, ikigünlük konfransda dünya iqtisadiyyatının aktual çağırışları müzakirə olunub. Beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən altı istiqamət üzrə 201 məruzə daxil olub. Qəbul edilmiş məqalələr “Web of Science”da və “EconLit”də dərc olunacaq. Tədbir ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.
Konfrans işini UNEC-də “Davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar”, “İnnovasiya əsaslı sosial-iqtisadi inkişaf”, “Davamlı inkişafın hədəfləri: fiskal və monetar mexanizm”, “Təbii sərvətdən əldə olunan gəlirlərin sosial-iqtisadi aspektləri”, “Qarışıq mühitdə müəssisə”, “Yaradıcılıq və bürokratiya arasında qalan sahibkarlıq” və digər bölmələr üzrə davam etdirib.
Bölmə iclaslarında “Rəqabətin iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi”, “Kapital bazarları birliyi və yeni üzv dövlətlərdə kapital bazarlarının inkişaf etdirilməsi üçün Avropa örtülü istiqraz təşəbbüsü”, “Azərbaycan və Gürcüstan arasında ticarətin statistik tərəfləri”, “İctimai idarəetmə sistemində innovativ inkişaf strategiyalarının tətbiqi ilə bağlı məsələlər”, “İnnovasiya və milli rəqabətliliyin əlaqələndirilməsi”, “İqtisadi böyümədə kredit səviyyəsinin rolunun təhlili: Azərbaycan nümunəsində”, “Dayanıqlı inkişaf milli doktrina kimi: Vyetnam təcrübəsi”, “Sərhədsiz dünyada milli iqtisadiyyatların transformasiyası”, “İqtisadi artımda investisiya faktorunun tətbiqi” və digər mövzularda məruzələr dinlənilib.
Tədbirdə Təhsil, İqtisadiyyat, Vergilər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri iştirak ediblər. Həmçinin 16 ölkədən ali məktəblər, o cümlədən “London`s Global University” (İngiltərə), “University of Siegen” (Almaniya) və digərləri təmsil olunub. Konfransın elmi məqalələrin dərc olunduğu kitab və CD iştirakçılara təqdim olunub.