SİYASƏT


Davamlı qələbələrə doğru

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabr ayının 10-u bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu Qələbə Bayramı ilə başladı. Bu, Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Ordusunun gücünü və qüdrətini bir daha sübut etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

M.Əfəndiyev deyib ki, 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönələn fəaliyyətimiz sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları ilə 44 günlük Vətən müharibəsindən sonra Şuşanın azad edilməsi ilə bitdi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələrini və Qarabağda formalaşan terrorçu qruplaşmaları darmadağın etdi.

Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciəti Rusiyanın bilavasitə iştirakı ilə Azərbaycan-Ermənistan arasında doqquz bəndi özündə əks etdirən bəyanatın imzalanması ilə nəticələndi.

Bu bəyanat qan tökülməsinin qarşısının alınmasına, insanların yaşamaq hüququnun, eləcə də Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması, eyni zamanda, Azərbaycanın davamlı qələbəsi deməkdir.

Xüsusilə 30 il işğal altında olan Qarabağın qalan rayonlarının noyabrın sonunadək Ermənistan silahlı qüvvələrindən tamamilə təmizlənməsi bu ərazilərdə yaşayan və yaşayacaq Azərbaycan vətəndaşlarının ölkəmizin sərhədləri və qanunları çərçivəsində yaşamağa başlamalarını təmin etməklə, qısa müddət ərzində Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Müzəffər Ali Baş Komandanın əmrlərinin, həmçinin Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq və normalara uyğun idarəçiliyin təkmilləşməsinə imkan verəcək.

Bəyanat, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarının iştirakı ilə sülhün, əmin-amanlığın qorunmasına yönəlik sülhməramlı mərkəzlərin təşkil olunmasına, hərbi əsrlərin, girovların, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsinə şərait yaradacaq.

Bu bəyanat beynəlxalq hüquq və prinsiplərə, ədalətli, uzunmüddətli son sülh müqaviləsinin imzalanmasına təkan verəcək. Bu, doğrudan da Azərbaycan xalqının, bütün azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu andır.

Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Müzəffər Ali Baş Komandanı həmin dəmir yumruğu düşmənin başına zərbə kimi endirdi. Qürurlu və güclü xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək yenilməz Azərbaycan sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını, daha böyük Azərbaycan uğrunda mübarizəsini əzmlə davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.