ELM VƏ TƏHSİL
“Davamlı və tarazlı regional inkişaf” kitabı çapdan çıxıb
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əli Nuriyevin “Davamlı və tarazlı regional inkişaf” kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəşrdə ilk dəfə davamlı və tarazlı regional inkişafın nəzəri-metodoloji məsələləri Azərbaycan şəraitinə tətbiq edilməklə kompleks təhlil olunub və ümumiləşdirilib. Həmçinin Prezident İlham Əliyevin müasir dövrdə yeritdiyi sosial-iqtisadi inkişaf siyasətini və respublikanın yerli şəraitini nəzərə almaqla davamlı və tarazlı inkişafın prioritetləri müəyyənləşdirilib, regionların davamlı inkişafı və istehsal potensialının artırılması istiqamətləri göstərilib.
Yeni nəşrdə aqrar-sənaye kompleksinin ixtisaslaşmış sahələrinin (üzümçülük, şərabçılıq, baramaçılıq, ipəkçilik, fındıq, zəfəran, zeytun, pambıq istehsalı və emalı, çayçılıq, çay emalı, tütün istehsalı və emalı) inkişafı istiqamətində tarixən toplanmış qabaqcıl təcrübədən yeni dövrün və şəraitin tələblərinə uyğun istifadə olunmasından bəhs edilir. Bu məqam davamlı iqtisadi tərəqqinin və regionların tarazlı inkişafının mühüm şərtlərindən biri kimi irəli sürülür.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru, professor Rəna Sultanova, rəyçiləri professorlar İsa Alıyev, Təbriz Əliyev və aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İbrahimxəlil İbrahimovdur.