SİYASƏT
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
Tbilisi, 17 oktyabr, AZƏRTAC
“Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə aparılan işlərin təxminən 70 faizi başa çatdırılıb. Qalan 30 faiz hissədəki məsələlər həllini gözləyir”.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani parlamentdə “nazir saatı” formatında keçirilən dinləmələr zamanı deyib.
O bildirib ki, Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyaları uğurlu fəaliyyət göstərir və məsələnin həlli iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır.
“Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir. İki ölkə arasında heç bir problem olmayıb və olmamalıdır. Bu, tamamilə açıq bir mövzudur. Təəssüf ki, SSRİ dövründə bu məsələ dəqiqləşdirilmədiyi üçün onun həlli bu gün problemə çevrilib. Amma biz müvafiq komissiyanın tərkibini yeniləmişik və həm Gürcüstan, həm də Azərbaycan tərəfdən fəal iş aparılır. Bu istiqamətdə müzakirələr davam etdirilir. Bu, bizim üçün önəmli bir mövzudur. Əlimizdən gələni edəcəyik ki, tərəfdaş ölkəmizlə heç bir problem olmasın və bu məsələ öz həllini tapsın”, - deyə gürcü nazir vurğulayıb.
D.Zalkaliani qeyd edib ki, iki ölkə arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi