İQTİSADİYYAT
Davos İqtisadi Forumunun Qlobal Gənclər İcmasının Bakı bürosu fəaliyyətə başlamışdır
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 9-da Davos Dünya İqtisadi Forumunun (DİF) Qlobal Gənclər İcmasının - “Global Shapers’ Community”nin Bakı bürosunun fəaliyyətə başlamasına həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Avropa Sənaye, İqtisadiyyat və Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin rəhbəri Nizami Piriyev çıxış edərək DİF-in yalnız Davos Forumundan ibarət olmadığını bildirmişdir. Qeyd etmişdir ki, il ərzində DİF müxtəlif seqmentləri və əhali qruplarını əhatə edən icmalar vasitəsilə işinin dayanıqlığını təmin etməyə çalışır. Forum çərçivəsində fəaliyyət göstərən icmalardan biri də Gənc Liderlərin Qlobal Forumudur. Hazırda Forum özünün növbəti Qlobal Gənclər İcmasının quruculuq işinə başlamışdır. Bu çərçivədə dünyanın aparıcı gənclərini Forumun işinə yaxından cəlb etmək planlaşdırılır.
Yeni icma üçün artıq dünyanın 145-dən çox şəhərində qurucu-kuratorlar (founding-curators) təyin edilmişdir.
Dünya İqtisadi Forumu “Global Shapers Community” proqramının meneceri Melih Nurluel vurğulamışdır ki, Davos Dünya İqtisadi Forumunun Qlobal Gənclər İcmasının Bakı bürosunun açılışı Azərbaycan gəncləri üçün mühüm hadisədir. Azərbaycanın lider gəncləri bu icmada bir araya gələrək ölkənin yüksəlişinə daha səmərəli şəkildə öz töhfələrini verə biləcəklər.
Bakıda yerli şəbəkənin qurucusu Vüsal Məmmədov məlumat vermişdir ki, icmaya müxtəlif sahələr üzrə uğur qazanmış, liderlik qabilliyyəti olan 30 yaşadək 20 gənc cəlb ediləcəkdir. Beləliklə, gənclərimiz hər il keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək imkanı qazanacaqlar.
Bildirilmişdir ki, 2013-cü ildə dünyanın 145-dən çox şəhərində şəbəkələşən gənclərin ölkəmizə dəvət edilməsi planlaşdırılır. Bununla bağlı DİF rəhbərliyi ilə müzakirələr aparılır.