CƏMİYYƏT
Daxili İşlər Nazirliyi: Axtarışda olan 32 nəfər saxlanılıb
Bakı, 16 yanvar, AZƏRTAC
Ötən gün ərzində törədilmiş 32 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.