CƏMİYYƏT


Daxili İşlər Nazirliyi ilə Kolumbiyanın Milli Polisi arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 5 dekabr, AZƏRTAC 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 5-də Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir iki dövlət arasında siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın mövcudluğunu, qarşılıqlı səfərlərin bu əlaqələrin genişləndirilməsinə və inkişafına təkan verdiyini, beynəlxalq arenada Kolumbiya Hökumətinin Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini məmnunluqla diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyi ilə Kolumbiyanın Milli Polisi arasındakı əlaqələrdən söz açan general-polkovnik V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın yaradılması və təcrübə mübadiləsi məqsədilə bu ölkənin asayiş keşikçilərindən ibarət nümayəndə heyətinin dörd il öncə Azərbaycanda olduğunu, səfər çərçivəsində nümayəndə heyəti ilə DİN-də görüş keçirildiyini, onların “102” Zəng Mərkəzi Sistemi, “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi, habelə Əlahiddə Çevik Polis Alayının fəaliyyəti ilə yaxından tanış olduqlarını xatırladıb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi nəzərə çatdırılıb.

Səfir Luis Antonio Dimate Kardenas paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində yaradılmış təhlükəsiz və əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu, respublikamızdakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.