CƏMİYYƏT
Daxili İşlər Nazirliyi inspektor-tərcüməçi vəzifəsinə qəbulla bağlı müsabiqə elan edir
Bakı, 19 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) beynəlxalq əməkdaşlıq idarəsində vakant olan bir inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifəsində xidmətə qəbulla bağlı müsabiqə elan edir.
DİN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi (sinxron tərcüməçi) ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin oktyabrın 20-dən noyabrın 20-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə [email protected] ünvanına nazirliyin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizənin DİN-nin Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsilə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər idarəyə şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.
Müsabiqənin qalibinə müvafiq xüsusi rütbə verilməklə Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onun qanuvericilikdə müəyyənləşdirilmiş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən imtiyazlardan istifadə hüququ olacaq.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-93-64; (012)-590-93-27.