CƏMİYYƏT
Daxili İşlər Nazirliyi piyada və sürücülərə müraciət edib
Bakı, 16 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) piyada və sürücülərə müraciət edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, yol-nəqliyyat hadisələri üzrə aparılan təhlillərin cari ilin on ayı ərzində respublika ərazisində baş vermiş qəzaların 42 faizinin, Bakı şəhəri üzrə isə 57 faizinin piyadaların vurulması hallarının təşkil etdiyini göstərdiyi vurğulanıb.
Qeyd edilib ki, araşdırmalar belə hallarda qəzalarda sürücülərlə yanaşı, piyadaların da təqsirinin olduğunu deməyə əsas verir. Belə ki, bəzi piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər. Bunun nəticəsində piyadavurma hadisələrinin çoxu məhz piyada keçidlərindən kənarda qeydə alınır.
Bildirilib ki, bununla əlaqədar piyadalar küçə və yolları onlar üçün nəzərdə tutulan yerlərdən keçməli, nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə almalıdırlar. Həmçinin məhdudiyyətli görünmə, duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmalarını, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirmələrini, onların tam dayandığını, sürücülərin piyadalara yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlamalıdırlar. Eləcə də ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olmalı, qəflətən avtomobil yoluna çıxmamalı, yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməməlidirlər. Eyni zamanda, sükan arxasında olan sürücülər də yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sayılan piyadaların təhlükəsizliyi məsələsinə ciddi yanaşmalı, artıq yola çıxmış piyadaya yol verməli, piyadaların yola çıxma ehtimalı olan ərazilərdə, xüsusilə qaranlıq vaxtı və işıqlandırılmayan yollarda daha diqqətli olmalı, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalıdırlar. Hər bir sürücü bilməlidir ki, ani diqqətsizlik faciəvi qəzaya səbəb olur.