CƏMİYYƏT
Daxili İşlər Nazirliyi post-patrul xidmətində vakant vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edir
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) post-patrul xidmətinin vakant polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 15-də saat 8.00-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında, Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində post-patrul xidmətinin vakant (500 ştat) polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək.
Sıra baxışında ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, 20-25 yaşlarında, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş yaxın qohumlar istisna olmaqla), Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyənləşdirilən şərtlərə cavab verən Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.
Kompüter avadanlığı ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.
Bir daha diqqətə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-97-52, (012)-590-94-12, (012)-590-92-37, (012)-590-93-45.