Daxili İşlər Nazirliyi vətəndaşları xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırır
AzerTAg.az
Bakı, 2 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırır.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərin ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunduğu vurğulanıb.
Qeyd edilib ki, dekabrın 1-də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 26 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən əhalinin intensiv hərəkət etdiyi ictimai yerlərdə aşkarlanıblar.
Həmin xəstələrdən 24 nəfəri görülən tədbirlərlə evə qaytarılıb, 2 nəfər xəstəxanaya yerləşdirilib, 18 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. İstintaq araşdırmaları davam etdirilir.
DİN vətəndaşlarımıza bir daha müraciət edərək xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasına çağırıb.

Xəbərin mətnində orfoqrafik səhv var