CƏMİYYƏT


Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında Milli Qurtuluş Günü qeyd olunub

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən alay komandiri, polis general-mayoru Zaur Abdullayev 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən danışıb. Bildirilib ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə anarxiya, xaos hökm sürürdü. Belə çətin vəziyyətdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Bakıya dəvət olundu, bundan sonra ölkədə ictimai-siyasi sabitlik yarandı. Ulu Öndərin müdrik siyasəti nəticəsində sosial-iqtisadi və siyasi inkişafa nail olundu, dövlətçiliyimizə yönəlmiş qəsdlərin qarşısı hər dəfə qətiyyətlə alındı.

Sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nuru Məmmədov qeyd edib ki, 1991-1993-cü illərdə baş verən siyasi təbəddülatlar, iqtisadi böhran, siyasi hərc-mərcliyin doğurduğu anarxiya və cəbhədəki uğursuzluqlar Azərbaycana qətiyyətli, təcrübəli liderin rəhbərlik etməsini qaçılmaz zərurətə çevirmişdi. Xaotik proseslər və bunun fonunda hakimiyyətin son dərəcə qətiyyətsizliyi təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan rəhbər Azərbaycanı parçalanmaqdan qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini hələ uzun illər əvvəl qazanmış Heydər Əliyev idi. Ümummilli Liderin rəhbərliyi ilə hələ 1969-1982-ci illərdə ictimai həyatın müxtəlif sahələrində köklü dəyişikliklər baş verib, öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində şanlı səhifələr yazılıb.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etsə də, bu istəyini reallaşdıra, dövrün doğurduğu ağır problemlərin öhdəsindən gələ bilməmişdi. Nəticədə iqtisadi tənəzzül dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının qorunmasında ciddi problemlər yaranmışdı. Xüsusən də 1992-ci ilin mayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat rəhbərliyinin siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına - siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı.

1993-cü ilin iyununda xalqın tələbi ilə Ulu Öndərin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə, hüquqi, siyasi və iqtisadi islahatlara başlanılıb, ictimai-siyasi sabitlik bərqərar olub. Azərbaycan xalqı onu bəlalardan qurtaran xilaskarını - Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçib. Beləliklə, ölkədəki siyasi hakimiyyət böhranı tam aradan qaldırılıb. Qısa vaxtda yüksək döyüş qabiliyyətli, vahid komandanlıqdan idarə olunan ordu yaradılıb, Silahlı Qüvvələrimizin ilk həmləsində Horadiz qəsəbəsi və ətraf yaşayış məntəqələri işğaldan azad edilib.

Ümumiyyətlə, Ümummilli Liderin rəhbərliyi ilə 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaradıb.

Tədbirdə vurğulanıb ki, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.