CƏMİYYƏT
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirmələri ölkəmizdə və xaricdə keçirilən yarışlarda uğur qazanıblar
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycanda hər sahədə olduğu kimi, idmanın inkişafı ilə də bağlı kompleks tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, idmançılarımız Avropa, dünya çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr əldə edirlər. Bu yaxınlarda polisin yetirmələri növbəti dəfə ölkəmizdə və xaricdə keçirilən yarışlarda uğur qazanaraq qələbə ilə Vətənə dönüblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Almaniyanın Dortmund şəhərində gənclər arasında sərbəst güləş üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycan millisi yüksək nəticə qazanıb. Ölkəmizin yığmasının tərkibində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Əli Rəhimzadə çəkisi 60 kiloqramadək olan idmançıların yarışında inamla çıxış edərək Rusiya, Gürcüstan, Ukrayna və Ermənistan idmançılarını üstələyərək qızıl medala sahib olub. Təmsilçimizi bu yarışa İdman Cəmiyyətinin baş inspektoru, polis polkovnik-leytenantı İlham Mustafayev hazırlayıb.
Xorvatiyada gənclər arasında keçirilən karate üzrə dünya kuboku uğrunda yarışda ölkəmizin milli komandası uğurla çıxış edib. Millimizin tərkibində döyüşən DİN İdman Cəmiyyətinin yetirməsi Müseyib Məmmədov çəkisi 55 kiloqramadək olan idmançılar arasında yarışda gümüş medal qazanıb. Qeyd edək ki, təmsilçimizi bu yarışa idman cəmiyyətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov hazırlayıb.
“Sərhədçi” İdman Olimpiya Kompleksində 23 yaşadək cüdoçular arasında respublika birinciliyi keçirilib. Yarışda da DİN İdman Cəmiyyətinin yetirmələri biri qızıl, ikisi bürünc olmaqla üç medal qazanıblar. Doxsan kiloqram çəkidə olan idmançılar arasında birincilikdə qızıl medalı Firuddin Dadaşov əldə edib. Vüsal Həsənov (100 kq) və Sənubər Nəbiyeva (63 kq) bürünc medal qazanıblar.