REGİONLAR
Daxili İşlər Nazirliyinin əməkdaşları Qusar rayonunda yuxarı sinif şagirdləri ilə görüşüblər
Qusar, 15 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq ölkənin bütün şəhər və rayonlarında orta məktəb şagirdləri ilə vətənpərvərlik mövzusunda təhsilə təşviqlə bağlı görüşlər keçirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 12-13-də Qusar rayonunun mərkəzindəki və kəndlərdəki məktəblərin IX-XI sinif şagirdləri ilə görüşlər təşkil olunub.
Tədbirlərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov və Qusar Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi Mövlud Əliyev və digər əməkdaşları iştirak ediblər.
Qusar şəhərinin 6 nömrəli məktəbində təşkil olunan görüşə rayon mərkəzində yerləşən məktəblərin, eləcə də Yuxarı Zeyxur, Hil, Urva, Çiləgir və digər ətraf kənd məktəblərinin şagirdləri cəlb olunublar.
Çıxış edən polis əməkdaşları məktəblilərə sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıblar.
Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilmə polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi mövzusunda yeniyetmə və gənclərimizlə söhbətlər aparılıb.
Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısa tanıtım videoçarxı təqdim olunub, akademiyaya dair məlumat vərəqələri paylanılıb.
Elçin Orucov ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis polkovnik-leytenantı orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışıb.
Keçirilən görüşlərin sonunda şagirdlərin sualları cavablandırılıb.