CƏMİYYƏT
Daxili İşlər Nazirliyinin əməkdaşları Xəzər rayonunun Şüvəlan qəsəbəsində ağacəkmə kampaniyası keçiriblər
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Xəzər rayonunun Şüvəlan qəsəbəsinin ərazisində növbəti ağacəkmə kampaniyası keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları şam və zeytun tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.