CƏMİYYƏT
Daxili İşlər naziri Qubada vətəndaşların qəbulunu keçirib VİDEO
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov iyunun 22-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən 22 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti baş idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb. Digərləri də baxılaraq zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müvafiq göstərişlər verilməklə icraya yönəldilib.
Qəbulda iştirak edənlər polis general-leytenantı Vilayət Eyvazovu Daxili İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlətimizin başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər. Vətəndaşlar dövlətimizin başçısının respublikamızın tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicinin daha da yüksəldilməsinə yönəlmiş siyasətini bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.