CƏMİYYƏT
Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru məcburi köçkünlərlə görüşüb
Bakı, 3 may, AZƏRTAC
Azərbaycanda səfərdə olan Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilakın başçılıq etdiyi nümayəndə heyəti Bakı şəhərinin Yasamal rayonunda, Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitənin sədr müavini Fuad Hüseynov nümayəndə heyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşmüş soydaşlarımızın vəziyyəti haqqında məlumat verib. Qeyd edilib ki, onların əksəriyyəti paytaxtda və bölgələrdə müxtəlif təyinatlı bina və tikililərdə məskunlaşmağa, çətin şəraitdə yaşamağa məcbur olub. Bu kateqoriyadan olan şəxslərin problemlərinin həlli dövlətin sosial siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev onların mənzil-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərlə bağlı işlərin sürətləndirilməsində mühüm xidmətləri vardır və bu məsələni nəzarətdə saxlayır.
Qonaqlar daha sonra Füzuli rayonundan məcburi köçkün Xatirə Adıgözəlovanın məskunlaşdığı otaqda olub və ailə üzvləri ilə söhbət ediblər.
Daha sonra nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə olub. Qonaqlara qəsəbədəki vəziyyət, zəngilanlı məcburi köçkünlərin mövcud vəziyyəti haqqında məlumat verilib.
Qonaqlar qəsəbədə yaradılan şəraitlə tanış olub, sakinlərlə söhbətləşib, eyni zamanda, Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyinə, 33 saylı orta məktəbə və bağçaya baş çəkiblər.