CƏMİYYƏT
Daxili Qoşunların hərbi hissəsində yanğına qarşı maarifləndirici tədbir keçirilib
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xətai rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində yanğına qarşı maarifləndirici tədbir keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Daxili Qoşunların hərbi hissələrinin yanğına cavabdeh şəxsləri iştirak ediblər.
Toplantıda çıxış edən natiqlər bildiriblər ki, hərbi sahənin yanğın təhlükəsizliyinin təmin olunması xüsusi yanaşma tələb etdiyindən burada yanğın təhlükəsizliyi qaydaları xüsusilə böyük əhəmiyyət daşıyır. Bunun üçün hərbi hissənin silah-sursat anbarları xüsusi mühafizə olunmalı, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməli, həyət quru otlardan mütəmadi təmizlənməli, elektrik və qaz təsərrüfatı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməli, avtomatik yanğınsöndürmə qurğuları, yanğın su mənbələri daim diqqətdə saxlanılmalıdır.
Tədbirin sonunda iştirakçılara ilkin odsöndürən balonlardan istifadə qaydaları öyrədilib, yanğın təhlükəsizliyi mövzusunda kitabçalar, vərəqələr, plakatlar paylanıb.